27 Sentyabr – Anım Günü münasibətilə ölkəmizin hər bir yerində, o cümlədən onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər təşkil olunur, şəhidlərimizin ruhuna ehtiram göstərilir.
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və qurumun əməkdaşları bölgələrdə yaşayan şəhid ailələrini ziyarət ediblər. Ailə üzvlərinə aidiyyəti üzrə şəhidlərimiz Məmmədzadə Pərviz Zahid oğlu, Zeynalov Azad Rafiq oğlu, Məmmədov Ümid Fərman oğlu, Göydağlı Ramazan Əbülfət oğlu və İbrahimov Qurban Namiq oğlunun "Azərbaycan gəncliyi şəhidlərimizlə qürur duyur!" yazılı xatirə portretləri təqdim olunub.
Qeyd olunub ki, şəhidlərimiz öz şücaəti, Vətən sevdası ilə gənclər üçün böyük mənəvi miras buraxıb, xalqımıza qələbə ruhu ötürüblər. Gənclər və İdman Nazirliyi daim bu kimi dəyərlərin yaşadılması istiqamətində davamlı fəaliyyətlər icra edir. Şəhidlərimizin döyüş yolunun öyrənilməsi və təbliği, o cümlədən şəhid ailələrinə mənəvi dəstək göstərilməsi məqsədilə müxtəlif konseptdə tədbirlər təşkil olunur.